Talıb Musayev

Talıb Qurban oğlu Musayev 1908-ci ildə Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində almış, 1938-ci ildə Zodda ekstern imtahan verərək tam orta təhsil haqqında attestat əldə etmişdir. Həmin il İrəvan Pedaqoji İnstitutuna qiyabi daxil olmuş və 1943-cü ildə ali təhsil diplomu ilə oranı bitirmişdir.

Talıb Musayevin əmək fəaliyyəti 1930-cu illərdə Basarkeçər rayonunun kənd təsərrüfatı və ictimai idarəetmə sahəsində başlamışdır. O, 1936-cı ildə Basarkeçər Rayon Komsomol Komitəsinə birinci katib seçilmiş, 1937-ci ildə isə Rayon Partiya Komitəsinin əvvəlcə üçüncü, sonra ikinci katibi vəzifələrinə irəli çəkilmişdir. 1939-cu ildə Basarkeçər Rayon İcraiyyə Komitəsinin sədri təyin edilmişdir. 1942-ci ildə Qarabağlar rayonunun birinci katibi vəzifəsində çalışmış, 1946-cı ildə isə yenidən Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi olmuşdur.

1948-ci ildə Moskvada Marksizm-Leninizm kursunu bitirmişdir. Qərbi Azərbaycanın siyasi həyatında mühüm rol oynayan Talıb Musayev Ermənistan SSR Ali Sovetinin deputatı seçilmiş, Ali Sovet sədrinin müavini vəzifəsini icra etmişdir. Onun rəhbərliyi altında Basarkeçər rayonunun kənd təsərrüfatı və sosial infrastrukturu inkişaf etmişdir.

1972-ci ildən sonra Talıb Musayev Azərbaycana köçərək burada fəaliyyətini davam etdirmişdir. Azərbaycanın müxtəlif bölgələrində kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı layihələrə rəhbərlik etmişdir.

Talıb Musayev 21 fevral 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur. O, 4 aprel 2005-ci ildə vəfat etmişdir.

Mənbə:
Maksim Musayev. Atam Talıb Musayev. Bakı: Nurlar. 2008