Talakənd – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Karvansara (İcevan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 3 km şimal-qərbdə, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində “Tala” formasında qeyd edilir.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.
Toponim “meşədə ağacsız çılpaq yer, sahə, açıqlıq” mənasında işlənən “tala” sözü ilə “yaşayış məntəqəsi” mənasında işlənən “kənd” sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Getahovit” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°53′ şm. e., 45°07′ ş. u.