Tağəmir

Tağəmir – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Mehri (Meğri) yaşayış məntəqəsindən 16-18 km şimal-qərbdə yerləşirdi.

Kənddə 1831-ci ildə 19 nəfər, 1873-cü ildə 74 nəfər, 1886-cı ildə 129 nəfər, 1897-ci ildə 163 nəfər, 1904-cü ildə 194 nəfər, 1914-cü ildə 255 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni daşnak silahlı birləşmələrinin təcavüzünə məruz qalmış, sakinləri didərgin salınmışlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 36 nəfər, 1926-cı ildə 43 nəfər, 1931-ci ildə 51 nəfər yalnız azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1930-cu illərin axırlarında qonşu kəndlərə köçürülərək kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim türk dilində “dağ” mənasında işlənən “taq//tağ” sözü ilə Əmir şəxs adı əsasında əmələ gəlmişdir. “Əmir dağı yaxınlığında kənd” mənasındadır.