Tacirabaq

Tacirabaq – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Hrazdan şəhərindən 46 km cənub-qərbdə, dəniz səviyyəsindən 1550 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftərində” gəliri 4500 ağça olan Hacı Hüseynin adına olan timar Tecirdink kəndində qeydə alınmışdır, Qafqazın beşverstlik xəritəsində Tacirabaq formasında qeydə alınmışdır. Kəndin digər adları “Təcirabad”, “Tacarabaq” olmuşdur.

Ermənilərin bölgədə məskunlaşdırılmasından sonra kəndin azərbaycanlı əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim oğuzların dülqədirli tayfasından olan təcirli etnonimi əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Dzoraxpyur” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°12′ şm. e., 44°38′ ş. u.