Təkiyə

Təkiyə – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 6 km cənub-qərbdə, Kasax çayının sağ sahilində, dəniz səviyyəsindən 1420 m hündürlükdə yerləşir. Kəndin digər adı “Təkyə təkkə”dir. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Pirtəkiyəsi kəndi, 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə Təkkə kəndi, Qafqazın beşverstlik xəritəsində Təkiyə formasında qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 155 nəfər, 1873-cü ildə 398 nəfər, 1886-cı ildə 582 nəfər, 1897-ci ildə 635 nəfər, 1908-ci ildə 725 nəfər, 1914-cü ildə 768 nəfər, 1916-cı ildə 587 nəfər, 1919-cu ildə 428 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən deportasiya edilmişlər. 1919–1920-ci illərdə bura Türkiyənin Muş, Bitlis, və Ahlat vilayətlərindən ermənilər köçürülmüşdür. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar kəndə qayıda bilmişdilər. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 179 nəfər, 1926-cı ildə 175 nəfər, 1931-ci ildə 227 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar 1948–1950-ci illərdə tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüşdür. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim türk mənşəli “təkə” etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1949-cu il tarixli fərmanı ilə adı dəyişdirilərək “Bazmaxpyur” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°20′ şm. e., 44°18′ ş. u.