Təzəkənd

Təzəkənd – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 25 km şimal-qərbdə, İrəvan şəhərinin cənub-şərqində, Buğutu dağının ətəyində, dəniz səviyyəsindən 865 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində Təzəkənd kimi qeydə alınmışdır. Rusdilli ədəbiyyatda “Tatar Təzəkəndi” formasında qeydə alınmışdır. Zəngibasar rayonu təşkil edilənədək, yəni 14 yanvar 1969-cu ilə kimi Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunun tabeliyində olmuşdur.

Kənddə 1897-ci ildə 224 nəfər, 1914-cü ildə 75 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış və azərbaycanlılar deportasiya olunmuşlar. 1919–1920-ci illərdə Türkiyədən köçürülüb gətirilən ermənilər kənddə yerləşdirilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim “Təzəkənd” (“təzə” yeni, “kənd” yaşayış məntəqəsi mənası ifadə edir) oykonimi əsasında gəlmişdir.

1920-ci ildə kəndin adı erməni dilinə hərfi tərcümə edilərək Tazagyuğ qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 noyabr 1970-ci il tarixli fərmanı ilə kəndin adı yenidən dəyişdirilərək “Ayntap” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°05′ şm. e., 44°28′ ş. u.