Təpədibi

Təpədibi – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 9 km cənubda, Araz çayının yaxınlığında, dəniz səviyyəsindən 860 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində “Təpədib” formasında qeyd olunmuşdur.

Ermənilər kəndə 1831-ci ildə Türkiyənin Sürməli və İğdır vilayətlərindən köçürülmüşlər. Burada ermənilərlə yanaşı, 1897-ci ildə 17 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvəllərində kəndin azərbaycanlı əhalisi erməni silahlıları tərəfindən kənddən sıxışdırıb çıxarılmışdır. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində “dağ” mənasında işlənən “təpə” sözü ilə “dağın ətəyi” mənasında işlənən dib sözündən əmələ gəlmişdir və “təpə dibində olan kənd” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Haykavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°05′ şm. e., 44°03′ ş. u.