Təkəli

Təkəli – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Hrazdan şəhərindən 20 km cənub-şərqdə, Misxana çayının sol axarında, Maymaq dağının ətəyində, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır . Erməni müəlliflərinin əsərlərində adı “Təkərli” kimi də göstərilir.

Kənddə 1831-ci ildə 41 nəfər, 1873-cü ildə 335 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 534 nəfər, 1908-ci ildə 641 nəfər, 1914-cü ildə 807 nəfər, 1916-cı ildə 730 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. 1922-ci ildə kənddə 248 nəfər, 1926-cı ildə 303 nəfər, 1931-ci ildə 416 nəfər, 1939-cu ildə 509 nəfər, 1959-cu ildə 944 nəfər, 1970-ci ildə 951 nəfər, 1979-cu ildə 878 nəfər, 1987-ci ildə 1000 nəfərə yaxın azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla və qırğınlarla tarixi torpaqlarından qovulmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim qızılbaşlar türk tayfasına mənsub olan “təkəli” etnonimi əsasında yaranmışdır. Tayfanın adı “təkə” formasında da qeyd edilir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Artavaz” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°37′ şm. e., 44°34′ ş. u.