Susuz

Susuz – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 63 km şimal-qərbdə, dəniz səviyyəsindən 1610 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Ermənilər kəndə 1828–1830-cu illərdə Türkiyənin Muş və Malazgirt vilayətlərindən köçürülüb yerləşdirilmişlər. 1918-ci ilin əvvəlində burada 90 nəfər azərbaycanlı yaşamışdır. Kəndin azərbaycanlı əhalisi 1918-ci ilin fevral-mart ayında ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar.

Toponim türk dilində “çay, kiçik çay, gölməçə” mənasında işlənən “su” sözü ilə “-suz” şəkilçisinin birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Tsamakasar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°27′ şm. e., 43°45′ ş. u.