Şurnuxu – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 45 km şimal-şərqdə, Şurauxu çayının sol sahilində, Gorus-Qafan avtomobil yolunun sağ tərəfində, dəniz səviyyəsindən 1550 m hüdürlükdə yerləşir. Erməni ədəbiyyatında kəndin adı “Şurnuxi”, “Şurnux” formalarda əksini tapır. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.
Kənddə 1897-ci ildə 84 nəfər, 1904-cü ildə 117 nəfər, 1914-cü ildə 104 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar öz tarixi-etnik torpaqlarına qayıda bilmişlər. Burada 1926-cı ildə 101 nəfər, 1931-ci ildə 123 nəfər, 1939-cu ildə 351 nəfər, 1959-cu ildə 363 nəfər, 1970-ci ildə 363 nəfər, 1979-cu ildə 324 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisinin bir qismi zorla Azərbaycana deportasiya edilmişdir. 1988-ci ildə Ermənistan dövləti tərəfindən kəndin sakinləri azərbaycanlılar deportasiya olunmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim Azərbaycan dilində “kiçik şəlalə” mənasında işlənən “çırnox” sözünün fonetik forması olan “şurnux”//“şırnıx” sözü əsasında əmələ gəlmişdir. Azərbaycan dilinin Qazax dialektində “sürətlə axın” mənasında “şırnoy” sözü də işlənir. “Çırnox”, “şırnoy”, “şurnux” yaxınmənalı sözlərdir.
Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Şurnux” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°22′ şm. e., 46°23′ ş. u.