Şuqayıb

Şuqayıb – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1886-cı ildə 109 nəfər, 1897-ci ildə 163 nəfər, 1904-cü ildə 90 nəfər, 1914-cü ildə 200 nəfər, 1916-cı ildə 192 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən didərgin salınmışlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər. 1922-ci ildə burada 44 nəfər, 1926-cı ildə 35 nəfər, 1931-ci ildə 47 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra 1950-ci ildə ləğv edilmişdir.

Toponim türk dilində (qırğız, qazax) “konusvari zirvə” mənasında işlənən “çoku” (şoku) sözü əsasında əmələ gəlmişdir.