Sübhanverdi – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ağin (Ani) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 22 km cənub-qərbdə, Arpaçayın yaxınlığında, dəniz səviyyəsindən 1470 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Sübhanverdi” kimi, Qafqazın beşverstlik xəritəsində “Suvanverdi” formasında qeydə alınmışdır.
Ədirnə (1829) müqaviləsinə əsasən ermənilərin İrəvan xanlığının ərazisinə köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişlər.
Toponim Sübhanverdi şəxs adı əsasında formalaşmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 fevral 1947-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Lyusaxpyur” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°38′ şm. e., 43°44′ ş. u.