Subatan

Subatan – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 81 km cənub-şərqdə, Qızılbulaq çayının yanında, dəniz səviyyəsindən 2150 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 180 nəfər, 1886-cı ildə 263 nəfər, 1897-ci ildə 306 nəfər, 1908-ci ildə 368 nəfər, 1914-cü ildə 429 nəfər, 1916-cı ildə 301 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin aprel ayında azərbaycanlılar erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənddən didərgin salınmışlar. 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar geri qayıda bilmişdilər. 1922-ci ildə burada 206 nəfər, 1926-cı ildə 349 nəfər, 1931-ci ildə 259 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1988-ci ilin noyabr–dekabr aylarında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim qədim türk dilində “çay” mənasında işlənən “su” və “batan” feili sifətin birləşməsindən əmələ gəlmişdir.

Ermənistan prezidentinin 19 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Geğakar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°07′ şm. e., 45°41′ ş. u.