Soyuqbulaq

Soyuqbulaq – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 57 km şimal-qərbdə, Qaraarxac (Qaraxaç) dağının ətəklərində, dəniz səviyyəsindən 1750 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi keçmiş Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur.

Kənddə 1886-cı ildə 159 nəfər, 1897-ci ildə 154 nəfər, 1904-cü ildə 230 nəfər, 1914-cü ildə 125 nəfər, 1916-cı ildə 375 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 402 nəfər, 1926-cı ildə 405 nəfər, 1931-ci ildə 420 nəfər, 1938-ci ildə 382 nəfər, 1959-cu ildə 419 nəfər, 1979-cu ildə 695 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonlarında azərbaycanlılar erməni terrorçu dəstələrinin təcavüzünə məruz qalaraq kənddən deportasiya olunmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində “sərin” mənasında işlənən “soyuq” sözü ilə “bulaq” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Pağağbyur” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°10′ şm. e., 44°07′ ş. u.