Şorca

Şorca – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 66 km şimal-şərqdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1930 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. XIX əsrin 40-cı illərində kəndə ruslar (malakanlar) köçürüldükdən sonra kənd həm də “Nadejdino” adlandırılmışdır. Kəndin adı erməni müəlliflərinin əsərlərində “Şor Əli”, yaxud “Şorjalı”, rus mənbələrində isə “Şorcalı” (Şordjalu) formalarında qeydə alınmışdır.

Kənddə 1831ci ildə 140 nəfər azərbaycanlı, 1873-cü ildə 311 nəfər, 1886-cı ildə 226 nəfər azərbaycanlı və rus (molokan), 1897-ci ildə 21 azərbaycanlı, 7 erməni, 280 rus (molokan), 1922-ci ildə 6 nəfər azərbaycanlı, 494 nəfər rus (molokan), 1926-cı ildə 31 nəfər azərbaycanlı, 432 nəfər rus (molokan), 1931-ci ildə 42 azərbaycanlı, 396 nəfər rus yaşamışdır. 1939-cu ildə 799 nəfər, 1959-cu ildə 762 nəfər, 1970-ci ildə 894 nəfər, 1979-cu ildə 956 nəfər əhali yaşamışdır ki, onların da 80%-dən çoxunu azərbaycanlılar təşkil etmişdir. Azərbaycanlılar 1988-ci ilin noyabr–dekabr aylarında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqdarından deportasiya olunmuşlar.

Toponim şorcalı tayfa adının əsasında yaranmışdır. Toponimin sonundakı “-lı” şəkilçsi sonralar ixtisar edilmiş və sənədlərdə “Şorca” kimi rəsmiləşmişdir. 2017-ci ildən “Şoğakat” adlanır.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°30′ şm. e., 45°16′ ş. u.