Sonqurlu

Sonqurlu – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 20 km cənubda, dəniz səviyyəsindən 1590 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır.

Ədirnə (1829) müqaviləsinə əsasən İrəvan xanlığının ərazisində ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişdir.

Toponim oğuzların bayandır, beçənə, çavuldur, çəpni tayfalannın onqonu olan “sunqur” quş adı əsasında yaranan sonqurlu tayfa adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31 may 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Hayrenyans” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°37′ şm. e., 43°52′ ş. u.