Şöllü Mehmandar – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 22 km şimal-qərbdə, Zəngi çayının yanında, dəniz səviyyəsindən 830 m hündürlükdə yerləşir. Keçmiş Zəngibasar rayonu təşkil edilənədək (1969) keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunun tərkibində olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Mehmandari-Şollu”, Qafqazın beşverstlik xəritəsində “Şorlu Mehmandar” formasında qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 406 nəfər, 1873-cü ildə 1573 nəfər, 1886-cı ildə 1432 nəfər, 1897-ci ildə 1824 nəfər, 1904-cü ildə 1455 nəfər, 1914-cü ildə 1632 nəfər, 1916-cı ildə 2969 nəfər, 1919-cu ildə 900 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonlarında azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya edilmişdir. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 788 nəfər, 1926-cı ildə 1010 nəfər, 1931-ci ildə 778 nəfər azərbaycanlı, 1959-cu ildə 1419 nəfər, 1970-ci ildə 1843 nəfər, 1979-cu ildə 2995 nəfər azərbaycanlı və erməni yaşamışdır. Kəndin sakinləri SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən 1948–1949-cu illərdə zorla Azərbaycana deportasiya edilmişdir. 1950-ci illərdə köçürülən ailələrin bir hissəsi yenidən öz yurdlarına qayıda bilmişdir. 1988-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti azərbaycanlıları deportasiya etmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim “-lı” mənsubluq şəkilçisi qəbul etmiş çol (şol) etnonimindən və Mehmandar şəxs adından əmələ gəlib “çol→şol tayfasından olan Mehmandara məxsus kənd” mənasını bildirir. Etnotoponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə “Mehmandar”, 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı yenidən dəyişdirilərək “Hovtaşad” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°05′ şm. e., 44°20′ ş. u.