Siznək

Siznək – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonu ərazisində, hazırda isə Sünik vilayətində kənd. Oxçuçayın sol sahilində, dəniz səviyyəsindən 760 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

Kənddə 1897-ci ildə 179 nəfər, 1904-cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qoyularaq kənddən qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərinin bir qismi geri qayıtmışlar. Burada 1922-ci ildə 76 nəfər, 1926-cı ildə 76 nəfər, 1931-ci ildə 121 nəfər, 1959-cu ildə 409 nəfər, 1979-cu ildə isə 432 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın sonlarında buranın azərbaycanlı əhalisi Ermənistan dövləti tərəfindən tamamilə deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində “duman, çən” mənasında işlənən “sis” sözünə “-nək” şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. “Sis” sözü “Siznək” toponimində “siz” formasına düşmüşdür.

Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Sznak” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°13′ şm. e., 46°28′ ş. u.