Şıxovuz

Şıxovuz – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 23 km cənub-şərqdə, dəniz səviyyəsindən 980 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində “Şixauz”, erməni müəlliflərinin əsərlərində “Şikahoğ”, “Şxavuz” formalarında qeydə alınmışdır.

Burada 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır.

Toponim “şeyx” sözünün xalq danışıq dilində işlənən “şıx” sözü ilə oğuz türk tayfasının adını əks etdirən “ovuz” etnonimi (oğuz etnoniminin dialekt formasıdır) əsasında əmələ gəlmişdir. Etnotoponimdir.

Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq “Şikahox” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°05′ şm. e., 46°28′ ş. u.