Şıxlar – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 10 km cənub-şərqdə, Vedi çayından axan arxın yanında, dəniz səviyyəsindən 815 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 141 nəfər, 1873-cü ildə 649 nəfər, 1886-cı ildə 714 nəfər, 1897-ci ildə 790 nəfər, 1904-cü ildə 802 nəfər, 1914-cü ildə 882 nəfər, 1916-cı ildə 723 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə kəndin sakinləri erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kəndi tərk etmişlər. İran və Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər. 1922-ci ildə burada 102 nəfər azərbaycanlı, 110 erməni, 1926-cı ildə 115 nəfər azərbaycanlı, 48 erməni, 1931-ci ildə 167 nəfər azərbaycanlı, 94 erməni, 1972-ci ildə 1500 nəfər azərbaycanlı, 220 erməni yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla qovulmuşdur. Hazırda orada yalnız ermənilər məskunlaşıb.
Toponim qazaxlar türk tayfasının bir qolunu təşkil edən “şıxlar” etnonimi əsasında formalaşmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 dekabr 1968-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib “Lusarat” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°52′ şm. e., 44°35′ ş. u.