Şıxlar

Şıxlar – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 117 km şimal-qərbdə, dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Şeyxler”, Qafqazın beşverstlik xəritəsində “Şıxlar” formasında qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 44 nəfər, 1873-cü ildə 312 nəfər, 1886-cı ildə 306 nəfər, 1897-ci ildə 544 nəfər, 1908-ci ildə 590 nəfər, 1914-cü ildə 585 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri təcavüzü nəticəsində deportasiya edilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 326 nəfər, 1926-cı ildə 391 nəfər, 1931-ci ildə isə 411 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonlarında buranın azərbaycanlı əhalisi Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim qazax türk tayfasından olan “şeyxlər” (şıxlar) etnonimindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 mart 1940-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Qızıl Şəfəq”, Ermənistan prezidentinin 8 avqust 1991-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Torunik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°33′ şm. e., 46°02′ ş. u.