Şişqaya

Şişqaya – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasının Göyçə nahiyəsində, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 101 km cənub-şərqdə, dağ ətəyində, dəniz səviyyəsindən 2050 m hündürlükdə yerləşir. Burada XIII–XVI əsrlərə aid bilavasitə Azərbaycan türklərinin həyatı, tarixi, məişəti ilə bağlı tarixi abidələr qalmaqdadır.

Kənddə 1831-ci ildə 251 nəfər, 1873-cü ildə 592 nəfər, 1886-cı ildə 905 nəfər, 1897-ci ildə 1132 nəfər, 1908-ci ildə 1041 nəfər, 1914-cü ildə 1088 nəfər, 1916-cı ildə 1232 nəfər, 1919-cu ildə 632 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin əvvəlindən başlayaraq azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra, 1920-ci ilin payızında kəndin sakinləri ata-baba yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 461 nəfər, 1926-cı ildə 612 nəfər, 1931-ci ildə 863 nəfər, 1939-cu ildə 1076 nəfər, 1959-cu ildə 1426 nəfər, 1970-ci ildə 2187 nəfər, 1979-cu ildə 2291 nəfər, 1987-ci ildə 4000 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının 24–30 da Şişqaya kəndinin köklü sakinləri olan azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində “dağın, təpənin zirvəsi, ənyüksək nöqtəsi” mənasında işlənən “şiş” sözü ilə, “sıra dağlardan ayrılmış qol”, “dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer”, “dağ, sıldırım” mənasında işlənən “qaya” sözünün birləşməsindən əmələ gəlib “hündür, uca, dağın yanında salınan, yerləşən kənd” mənasını ifadə edir.

Ermənistan prezidentinin 4 sentyabr 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Quqariç”, 8 avqust 1991-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Geğamasar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°18′ şm. e., 45°40′ ş. u.