Şirvancıq – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 28 km cənub-qərbdə, dəniz səviyyəsindən 1980 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “gəliri 4000 ağça olan, Mustafa Ömər oğlunun adına olan timar” kimi qeydə alınmışdır. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Ədirnə (1829) müqaviləsinə əsasən ermənilərin İrəvan xanlığının ərazisinə köçürülərək məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişlər.
Toponim türk mənşəli “şirvan” etnoniminə “-cıq” şəkilçisinin artırılması ilə əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyul 1948-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Lernakert” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°34′ şm. e., 43°56′ ş. u.