Şirazlı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasının Vedibasar mahalında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 7 km cənub-qərbdə, Vedi çayından axan arxın yanında, dəniz səviyyəsindən 840 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1873-cü ildə 150 nəfər, 1886-cı ildə 235 nəfər, 1897-ci ildə 451 nəfər, 1904-cü ildə 229 nəfər, 1914-cü ildə 251 nəfər, 1916-cı ildə 480 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq qovulmuşlar. Əhalisi bir müddət İranda sığınacaq tapmışdır. İran və Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə burada 216 nəfər azərbaycanlı, 114 nəfər erməni, 1926-cı ildə 243 nəfər azərbaycanlı, 140 erməni, 15 nəfər kürd, 1931-ci ildə 250 nəfər azərbaycanlı, 182 nəfər erməni, 2 nəfər kürd, 1972-ci ildə 2616 nəfər azərbaycanlı, 873 erməni, 1987-ci ildə 3000 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla qovulmuşlar. İndi yalnız ermənilər yaşayırlar.
Toponim oğuzların “şirazlı” etnonimi əsasında əmələ gəlmişdir.
Ermənistan Respublikası prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Vosgetap” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°52′ şm. e., 44°39′ ş. u.