Şınıx – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Allahverdi (Tumanyan) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 67 km şimal-şərqdə, dəniz səviyyəsindən 725 m hündürlükdə yerləşir.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Kənddə 1897-ci ildə 5 nəfər, 1926-cı ildə 2 nəfər azərbaycanlı yaşamışdır. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim türk dilində “əyri sıldırım dağ yamacı, əlçatmaz”, “dərin çuxur, xəndək” mənasında işlənən “şın” sözünə “-ıx” şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq “Şnoğ” kimi rəsmiləşdirilmişdir. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 41°08′ şm. e., 44°50′ ş. u.