Şinatağ

Şinatağ – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 112 km şimal-qərbdə, dəniz səviyyəsindən 1750 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim qədim türk dilində “tikinti, tikili, qəsəbə, kənd, oba, yurd” mənasında işlənən “şen” sözünün qədim forması olan şin sözü ilə Azərbaycan dilində “yerin hündür, dik, yamaclı və zirvəli hissəsi” mənasında işlənən “dağ” sözünün qədim fonetik forması olan “tağ” sözü əsasında əmələ gəlmişdir. “Kənd, oba, yurd, tikili, yaşayış məntəqəsi” mənasında işlənən “şen” sözü öz izini Azərbaycan dilində “abad yaşayış yeri”, “məntəqə”, “qəsəbə” mənasında işlənən “şenlik” sözündə saxlamışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 fevral 1940-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Lernaşen” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°22′ şm. e., 46°07′ ş. u.