Şeyxülislam Fazil İrəvani 1782-ci ildə İrəvan şəhərində anadan olmuşdur. İlk təhsilini şəhərdəki molla məktəbində almış, 20 yaşında ikən dünyanın ən qədim universitetlərindən biri olan Qahirədəki Əl-Əzhər Universitetində oxumağa getmişdir. 20-25 il Qahirədə qalaraq mükəmməl təhsil almışdır. Sonra İsfahan və Təbriz şəhərlərində axundluq etmişdir. Şərq tarixinə, dini elmlərə dair əsərlər yazmışdır. Vətənə qayıdandan sonra İrəvandakı Göy məscidin baş axundu olmuşdur.
Müctəhid Fazil İrəvani 1843-cü ildə Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsi sədrinin müavini, 1847–1872-ci illərdə Qafqazın şeyxülislamı olmuşdur. 1872-ci ildə Şeyxülislam vəzifəsindən istefa verən Fazil İrəvani yenidən İrəvana qayıtmış, onun adı ilə adlandırılan “Şeyxülislam” məhəlləsində yaşamışdır. Fazil İrəvani 1885-ci ildə doğma İrəvan şəhərində 103 yaşında vəfat etmişdir.
Fazil İrəvaninin “Kitabüt-təharət” (“Paklıq kitabı”) əsəri 1883-cü ildə Təbrizdə daşbasması (litoqrafiya) üsulu ilə çap olunmuşdur. Onun “Qızılgül və bülbül” povesti Sankt-Peterburqda yaşayan Xocens Markar Geğamyan tərəfindən tərcümə olunaraq 1812-ci ildə erməni və rus dillərində çap edilmişdir. Sonra isə bu əsər Xocens Markarın öz orijinal əsəri kimi, Avropada fransız və alman dillərində dönə-dönə çap edilmişdir. Əsəri fransız dilinə Vayyan de Floribal, alman dilinə Yozef fon Hammer tərcümə etmişlər. Fransız tədqiqatçısı Şarl Jorjien 1892-ci ildə məsələyə aydınlıq gətirərək yazmışdır ki, “Qızılgül və bülbül” əsəri Fazil və ya Fazili adlı türk müəllifinin əsəridir, Xocens Markar sadəcə olaraq, “Qızılgül və bülbül”ü erməni və rus dillərinə tərcümə edərək öz əsəri kimi çap etdirmişdir. Kitabın əsl müəllifinin Fazil Irəvani olduğu bəlli olduqdan sonra belə, ermənilər “Qızılgül və bülbül”ü 1950-ci ildə yenə də erməni müəllifinin əsəri kimi, Freznoda (ABŞ) çap etdirmişlər. “Qızılgül və bülbül” əsərinin orijinalı Matenadaranda – Mesrop Maştos adına Qədim Əlyazmalar İnstitutunda saxlanılır.