Seyidkənd

Seyidkənd – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Keçmiş Zəngibasar rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Kəndin bir adı da “Qarapapaq kəndi” olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 130 nəfər, 1873-cü ildə 345 nəfər, 1886-cı ildə 346 nəfər, 1897-ci ildə 483 nəfər, 1904-cü ildə 410 nəfər, 1914-cü ildə 705 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin köklü sakinləri olan azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 99 nəfər, 1926-cı ildə 131 nəfər, 1931-ci ildə 118 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Deportasiya edilənlərin bir qismi 1952-ci ildə doğma kəndlərinə qayıda bilmişdilər. Kənd sonradan ləğv edilərək yeni yaradılan Kalının qəsəbəsinə daxil edilmişdir. Azərbaycanlılar 1988-ci ildə Ermənistan dövləti tərəfindən tamamilə deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim seyid etnonimi ilə kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlib “seyid tayfasının yaşadığı kənd” deməkdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Noramarq” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°01′ şm. e., 44°25′ ş. u.