Seyid Kotanlı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Qəmərli (Artaşat) yaşayış məntəqəsindən 30 km şimal-şərqdə yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. 1930-cu illərdə keçmiş Vedi (Ararat) rayonunun inzibati-ərazi bölgüsünə daxil olmuşdur.
Kənddə 1873-cü ildə 156 nəfər, 1886-cı ildə 201 nəfər, 1897-ci ildə 279 nəfər, 1904-cü ildə 128 nəfər, 1914-cü ildə 377 nəfər, 1916-cı ildə isə 356 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənddən qovulmuş azərbaycanlılardan sağ qalanlar kəndlərinə qayıda bilmişdilər. 1922-ci ildə kənddə 63 nəfər, 1926-cı ildə 67 nəfər, 1931-ci ildə 106 nəfər, 1939-cu ildə isə 221 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xaraba kənddir.
Toponim ərəblərin Qürreyş qəbiləsindən olan seyid etnonimi ilə kotanlı türk etnoniminin birləşməsindən əmələ gəlmişdir.