Sarvanlar

Sarvanlar – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 20 km şimal-qərbdə, Araz çayının yaxınlığında, dəniz səviyyəsindən 828 m hündürlükdə yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənədək keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunun tərkibində olmuşdur. Kəndin ilk adı Ulya Sarvanlar (ərəbcə Yuxarı Sarvanlar) olmuşdur. Qafqazın beşverstlik xəritəsində kəndin adı “Sarvanlar Ulya” kimi göstərilir.

Kənddə 1831-ci ildə 153 nəfər, 1873-cü ildə 970 nəfər, 1886-cı ildə 1024 nəfər, 1897-ci ildə 953 nəfər, 1904-cü ildə 1465 nəfər, 1914-cü ildə 1910 nəfər, 1916-cı ildə 801 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz evlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 372 nəfər, 1926-cı ildə 418 nəfər, 1931-ci ildə 404 nəfər, 1939-cu ildə 580 nəfər, 1959-cu ildə 816 nəfər, 1970-ci ildə 1253 nəfər, 1979-cu ildə 1552 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kəndin sakinləri 1948-ci ildə SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən zorla Azərbaycana köçürülmüşlər. 1950-ci illərdə onların bir qismi yenidən öz kəndlərinə qayıda bilmişdilər. Azərbaycanlılar 1988-ci ilin noyabr–dekabr aylarında Ermənistan dövləti tərəfindən kənddən deportasiya olunmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim kəngərli qədim türk tayfasından olan sarvanlar etnonimi əsasında əmələ gəlmişdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Sis” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°03′ şm. e., 44°23′ ş. u.