Sarıyar – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunda kənd, hazırda isə Lori vilayətində şəhər. Vorontsovka (Kalinino, Taşir) şəhərindən 12 km şimal-şərqdə, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində kəndin adı “Sarılar” kimi göstərilir. Qızıldaş sovetliyinin tərkibində idi. 1937-ci ilə kimi keçmiş Cəlaloğlu (Stepanavan) rayonunun tabeliyində olmuşdur.
Kənddə 1886-cı ildə 78 nəfər, 1897-ci ildə 92 nəfər, 1904-cü ildə 105 nəfər, 1914-cü ildə 97 nəfər azərbaycanlı yaşamışdır. 1916–1918-ci illərdə kəndin köklü sakinləri azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qoyularaq deportasiya olunmuşdurlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar doğma kəndlərinə qayıda bilmişdirlər. Burada 1922-ci ildə 149 nəfər, 1926-cı ildə 162 nəfər, 1931-ci ildə 181 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonlarında Ermənistan dövləti kəndin köklü sakinləri olan azərbaycanlıları tarixi-etnik torpaqlarından deportasiya etmişdir. Hazırda burada yalnız ermənilər məskunlaşıb.
Toponim rəng bildirən “sarı” sözü ilə qədim türk dilində “yarğan” mənasında işlənən “yar” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Kəndin ərazisindəki torpaq sarı rəngli süxurlardan ibarətdir. Ona görə də kənd “Sarıyar” adlarıdırılmışdır.
Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Apavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 41°12 şm. e., 44°21′ ş. u.