Sarımsaxlı – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Kirovakan, Quqark) rayonunda, hazırda isə Lori vilayətində kənd. Quqark şəhərindən 13 km məsafədə, Pəmbək çayının sol sahilində, dəniz səviyyəsindən 1675 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində “Sarmusaxlı” formasında qeydə alınmışdır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.
Toponim yabanı bitki adı bildirən “sarımsaq”sözünə çoxluq, cəmlik bildirən “-lı” şəkilçisinin artırılması əsasında yaranmışdır. Fitotoponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Karaberd” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°50′ şm. e., 44°31′ ş. u.