Sarıbaş – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 22 km cənubda, dəniz səviyyəsindən 1640 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Ermənilər bura 1829–1831-ci illərdə Türkiyənin Ələşkirt və Muş vilayətlərindən köçürülmüşdür.
Toponim “sarıbaş” türk etnonimi əsasında əmələ gəlmişdir. XIII əsrdə Qırğız çöllərinin şimal-şərq hissəsinə gəlmiş türk-monqol tayfaları içərisində sarıbaş tayfası olmuşdur. Deməli, Sarıbaş kəndinin adı da monqolların tərkibində Cənubi Qafqaza, o cümlədən indiki Ermənistan ərazisinə gəlmiş sarıbaş etnonimi ilə bağlıdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyul 1948-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Haykasar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°36′ şm. e., 43°53′ ş. u.