Saral – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 16 km qərbdə, Pəmbək çayının sağ sahilində, dəniz səviyyəsindən 1460 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin ilk adı “Sarallı” olmuşdur. Hamamlı (Spitak) rayonu təşkil edilənədək (1937) Qarakilsə (Quqark) rayonunun tərkibində olmuşdur. Mənbələrdə kəndin X–XII əsrlərdə salındığı göstərilir.
Kənddə 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 539 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 754 nəfər, 1908-ci ildə 951 nəfər, 1914-cü ildə 1111 nəfər, 1916-cı ildə 982 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kəndi tərk etmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 808 nəfər, 1926-cı ildə 851 nəfər, 1931-ci ildə 975 nəfər, 1987-ci ildə 1856 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın 28-də azərbaycanlılar qırğınlarla müşayiət olunaraq Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim sarallı türk tayfasının adı əsasında əmələ gəlmişdir.
Ermənistan prezidentinin 8 avqust 1991-ci tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Nor Xaçakap” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°50′ şm. e., 44°21′ ş. u.