Samurlu

Samurlu – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 38 km şimal-şərqdə, dəniz səviyyəsindən 1970 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamışlar. Ədirnə (1829) müqaviləsinə əsasən İrəvan xanlığının ərazisində ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kəndin azərbaycanlı əhalisi Türkiyəyə köç etmişdir. Ermənilər kəndə 1828–1829-cu illərdə Türkiyənin Ərzurum vilayətindən köçürülmüşdür.

Toponim qədim türk mənşəli “samur” etnoniminə mənsubluq bildirən “-lu” şəkilçisinin artırılması ilə düzəlib, “samur tayfasına mənsub yer” deməkdir. Etnotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Sarapat” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°56′ şm. e., 44°02′ ş. u.