Şamlıq

Şamlıq – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Allahverdi (Tumanyan) rayonunda, hazırda isə Lori vilayətində kənd. Hazırda şəhər tipli qəsəbədir. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 96 km şimal-şərqdə, dəniz səviyyəsindən 1175 m hündürlükdə yerləşir. Kənddə filiz yataqları (mis) vardır. Buna görə də burada mis mədənləri tikilmişdir.

Kənddə 1886-cı ildə 7 nəfər, 1897-ci ildə 49 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olumuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdirlər. Burada 1922-ci ildə 62 nəfər, 1926-cı ildə 65 nəfər, 1931-ci ildə 166 nəfər, 1959-cu ildə 260 nəfər, 1970-ci ildə 266 nəfər azərbaycanlı yaşamışdır. Qəsəbədə azərbaycanlılarla yanaşı, yunanlar, ermənilər və ruslar da yaşamışlar. Azərbaycanlılar 1988-ci ilin noyabr ayında Ermənistan dövləti tərəfindən deportasiya olunmuşlar. Hazırda burada yunanlar və ermənilər yaşayırlar.

Toponim “şam” ağac adına “-lıq” şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°10′ şm. e., 44°43′ ş. u.