Şam

Şam – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 8 km şimal-şərqdə, dəniz səviyyəsindən 1375 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində “Şamkəndi” kimi qeydə alınmışdır. Erməni mənbələrində kəndin adı “Şamb” kimi verilir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

Kənddə 1886-cı ildə 234, 1905-ci ildə 405, 1914-cü ildə isə 404 nəfər azərbaycanlı yaşamışdır.

Toponimin ilkin forması “Şam”dır. Toponimin sonundakı “b” samiti sonradan artırılaraq erməni dilində “qarğı, qamış” mənasını verən “şamb” formasına uyğunlaşdırılmışdır. Toponim qızılbaşların Şamlı tayfasının adından qalmadır.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°28′ şm. e., 46°09′ ş. u.