Sallı

Sallı – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd şəhərindən 18 km şimal-qərbdə, “Səlim gədiyindən gələn çayın Dərələyəzdən Göyçəyə gedən magistral yolun üstündə”, dəniz səviyyəsindən 1550 m hündürlükdə yerləşir. 1828-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə “Salçı” kimi, Qafqazın beşverstlik xəritəsində “Sallı” formasında qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 77 nəfər, 1873-cü ildə 422 nəfər, 1886-cı ildə 560 nəfər, 1897-ci ildə 668 nəfər, 1904-cü ildə 624 nəfər, 1914-cü ildə 675 nəfər, 1916-cı ildə 678 nəfər, 1919-cu ildə 65 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kəndin aborigen əhalisi azərbaycanlılar 1918-1919-cu illərdə erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. Kəndə İranın Xoy və Səlmas vilayətlərindən ermənilər köçürülmüşdür. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar öz doğma yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 147 nəfər azərbaycanlı, 64 erməni, 1926-cı ildə 204 nəfər azərbaycanlı, 81 erməni, 1931-ci ildə 242 nəfər azərbaycanlı, 102 erməni yaşamışdır. SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən 1948-ci ildə kəndin azərbaycanlı sakinləri zorla Azərbaycanın Salyan rayonuna köçürülmüşdür. Əhalisinin bir hissəsi sonradan ata-baba yurdlarına qayıda bilmişdilər. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən yenidən deportasiya olunmuşlar. Hazırda orada yalnız ermənilər yaşayır.

Toponim “sal” qədim türk etnoniminə mənsubluq bildirən “-lı” şəkilçisinin artırılması ilə düzəlib “sal tayfasının yaşadığı yer” mənasını bildirir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°52′ şm. e., 45°16′ ş. u.