Salah

Salah – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, Qaraqoyunlu dərəsində, sonralar keçmiş Karvansara (İcevan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 32 km cənub-qərbdə, Tərsa çayının sahilində, dəniz səviyyəsindən 1100 m hündürlükdə yerləşir. 1930-cu illərdə keçmiş Dilican rayonunun inzibati-ərazi bölgüsünə daxil olmuşdur. Burada XI–XII əsrlərə aid tarixi abidələr vardır.

Kənddə 1897-ci ildə 184 nəfər, 1904-cü ildə 56 nəfər, 1914-cü ildə 64 nəfər, 1916-cı ildə 72 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin martında kəndin köklü sakinləri olan azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan salahlılar öz doğma yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 80 nəfər, 1926-cı ildə 90 nəfər, 1931-ci ildə 112 nəfər azərbaycanlı yaşamışdır. Kəndin əhalisinin bir hissəsi 1950-ci ildə qonşu Göyərçin kəndindən köçüb gələnlərdir. 1988-ci ilin noyabrında kəndin azərbaycanlı əhalisi Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim qazax türk tayfasına mənsub olan “salahlı” etnonimi əsasında formalaşmışdır.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Ağavnavank” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°43′ şm. e., 45°05′ ş. u.