Sabunçu

Sabunçu – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, Ararat vilayətində kənd. Kəndin başqa adı “Şeyxzadə Əli Sabunçu” olmuşdur. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 8-9 km şimal-qərbdə, Gərni çayından axan arxın yanında, dəniz səviyyəsindən 827 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Saatlı Sabunçu” formasında, Qafqazın beşverstlik xəritəsində “Sabunçu” kimi qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 474 nəfər, 1873-cü ildə 951 nəfər, 1886-cı ildə 1050 nəfər, 1897-ci ildə 1000 nəfər, 1904-cü ildə 1397 nəfər, 1914-cü ildə 1537 nəfər, 1918-ci ilin yanvarında isə 202 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq kənddən deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 219 nəfər, 1926-cı ildə 285 nəfər, 1931-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar 1948-ci ildə Azərbaycana deportasiya edilmişdir.

Toponim türkmənşəli sabunçu tayfasının adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə dəyişdirilərək “Araksavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°00′ şm. e., 44°28′ ş. u.