Şabadin – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 19 km şimalda, dəniz səviyyəsindən 1350 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 51 nəfər, 1873-cü ildə 198 nəfər, 1886-cı ildə 261 nəfər, 1897-ci ildə 316 nəfər, 1904-cü ildə 317 nəfər, 1914-cü ildə isə 375 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmışlar. Bu zaman kənd yandırılmış, azərbaycanlı əhalinin bir qismi qətlə yetirilmiş, bir qismi də didərgin salınmışdır. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlıların bir qismi öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 151 nəfər, 1926-cı ildə 175 nəfər, 1931-ci ildə 213 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci il noyabr ayının axırlarında kəndin azərbaycanlı əhalisi öz doğma ocaqlarından qovulmuşdur. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim türk dilində “bitkisiz qumlu, daşlı dağ yamacı”, “yastı sıldırım sahili”, “uçurum, sıldırım”, “yamac”, “dərin dağarası çuxurda yüksəklik” mənasında işlənən “çap” (→şab) sözü ilə türk dilində “dincəlmək üçün dayanmaq”, “istirahət”, “dincəlmək” mənasında işlənən “din” (dın) sözünün birləşməsindən əmələ gəlmişdir.
Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Yeğek” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°17′ şm. e., 46°25′ ş. u.