Sərdar sarayı

Azərbaycan memarlığının şah əsərlərindən olan Sərdar sarayı, yaxud Xan sarayı 1578-ci ildə İrəvan bəylərbəyi Toxmaq xan tərəfindən tikdirilmiş və qala ilə üzbəüz, Zəngi çayının sağ sahilində iri bağ salınmışdır.

Sərdar sarayının Güzgülü salonu və Xan bağındakı Yay imarəti 1791-ci ildə Məhəmməd xan Qacar tərəfindən inşa etdirilmiş, bununla da saray kompleksi tamamlanmışdır. Abidə 1810-cu ildə Hüseynqulu xanın hakimiyyəti dövründə əsaslı şəkildə təmir edilmiş və ona bir sıra yeni tikililər əlavə olunmuşdur. Sərdar sarayının divarlarındakı rəsm əsərləri isə 1815-ci ildə Təbriz rəssamlıq məktəbinin nümayəndəsi olan Mir Əbdürrza Xan tərəfindən tamamlanmışdır. 1827-ci ildə rusların İrəvanı işğal etməsindən sonra saray ciddi dağıntılara məruz qalmışdır.

1837-ci ildə tərtib edilmiş planda sarayın təqribən 1 hektar ərazini əhatə etdiyi aydın olmuşdur. Sarayda 19-cu əsrin ortalarında təmir-bərpa işləri aparılmışdır. 1867–1874-cü illərdə Sərdar sarayında dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim İrəvani həyata keçirmişdir.

XX əsrin əvvəllərindən etibarən Sərdar sarayı sürətli şəkildə dağıdılmağa başlanılmışdır. 1914-cü ildə sarayın tamamilə dağıdılmasından sonra onun içərisindəki portretlər sökülərək Gürcüstana aparılmışdır. Həmin əsərlər hazırda Gürcüstan Dövlət Muzeyindədir. Sarayın yerlə-yeksan edilməsindən sonra onun ərazisində konyak zavodu inşa edilmişdir.

Mənbə:
Ələkbərli Ə., Qərbi Azərbaycan abidələri (Bakı: “Nurlan” nəşriyyatı, 2007)
Nazim Mustafa, Erməni vandallarının yox etdiyi Xan sarayı (Bakı, 2016)
Erich Kettenhofen, George A. Bournoutian and Robert H. Hewsen, “Erevan”, Encyclopædia Iranica.
Luke H.C., Anatolica (London, 1924)
Миклашевская Н., Художники
XIX века Мирза Кадым Эривани и Мир Мохсун Навваб. — Искусство Азербайджана (Баку: Издательство Академии наук Азербайджанской ССР, 1954. Т. IV)