Şəki

Şəki – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 103 km şimal-qərbdə, dəniz səviyyəsindən 1710 m hündürlükdə yerləşir. Məşhur Şəki şəlaləsi kəndin ərazisindədir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. 1728-ci il tarixdə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə Sisian nahiyəsinə daxil olan kəndlər siyahısında “Şəki kəndi” adında qeydə alınmışdır və illik gəlirinin 5959 ağça təşkil etdiyi göstərilmişdir.

Kənddə 1831-ci ildə 48 nəfər, 1873-cü ildə 445 nəfər, 1886-cı ildə 657 nəfər, 1897-ci ildə 1191 nəfər, 1908-ci ildə 1605 nəfər, 1914-cü ildə isə 1584 nəfər nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin avqust ayında azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qoyularaq deportasiya edilmiş və xaricdən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 282 nəfər azərbaycanlı, 12 erməni, 1926-cı ildə 385 nəfər azərbaycanlı, 407 nəfər erməni, 1931-ci ildə isə 557 nəfər azərbaycanlı, 510 nəfər erməni yaşamışdır. 1988-ci ilin əvvəlində Şəkidə 1930 nəfər (190 ailə) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlı əhali Ermənistan dövləti tərəfindən tamamilə deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim kimmerlərin tərkibində gələn “sak” etnonimi əsasında əmələ gəlmişdir. “Şəki” “sak//saka” etnoniminin fonetik variantıdır.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°33′ şm. e., 45°59′ ş. u.