Səid Rüstəmov

Səid Əli oğlu Rüstəmov 1907-ci ildə İrəvanda doğulmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqisi fakültəsini, 1932-ci ildə Azərbaycan Pedaqoji Institutunu bitirmişdir.

Səid Rüstəmov 1931-ci ildən Azərbaycan radiosunun xalq çalğı alətləri orkestrinin konsertmeysteri, 1935-ci ildən isə direktoru və bədii rəhbəri olmuşdur. O, 1940–1949-cu illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1943–1948-ci illərdə Azərbaycan Radio Komitəsinin musiqi verilişləri redaksiyasının rəhbəri olmuşdur.

S.Rüstəmov “Azərbaycan rəqs melodiyaları”, “Beş yüz Azərbaycan xalq mahnıları”, “Azərbaycan aşıq mahnıları”, “Azərbaycan xalq mahnıları”, “Azərbaycan xalq rəngləri” kitablarında musiqi işləmələri apararaq onları nəşr etdirmişdir. 1948–1952-ci illərdə Azərbaycan bəstəkarlar ittifaqının sədri olmuş, 1928-ci ildən Bakı musiqi məktəbində, 1958–1983-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında tar sinfində dərs demişdir. Dəfələrlə Azərbaycan Ali Sovetinə deputat seçilmişdir.

S.Rüstəmovun əsas əsərləri “Beşmanatlıq gəlin”, “Durna” və “Rəisin arvadı” komediyaları, solo, xor və orkestr üçün “Azərbaycan” kantatası, xalq çalğı alətləri üçün “Bayatı kürd” fantaziya-kantatası, tar və orkestr üçün konsert, Azərbaycan mahnı, rəqs və xalq çalğı alətləri orkestri üçün “Günəşli Azərbaycan” musiqili dramatik kompozisiya və başqalarıdır. Dramatik səhnə əsərlərinə musiqilər yazmışdır. S.Rüstəmovun “Alagöz”, “Sürəyya”, “Gəlmədin”, “Həkim qız” mahnıları lirik və qəlboxşayandır.

Görkəmli bəstəkar 1938-ci ildə “Əməkdar inəsənət xadimi”, 1943-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüş, 1951-ci ildə “Stalin” mükafatı (SSRİ Dövlət mükafatı) laureatı olmuşdur. “Qırmızı əmək bayrağı”, “Xalqlar dostluğu” və “Şərəf nişanı” ordenləri və medallarla təltif edilmişdir.

Səid Rüstəmov 10 iyun 1983-cü ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Nazim Mustafa
Tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı