Şəhriz

Şəhriz – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Yelenovka (Sevan) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 37 km şimal-qərbdə, Göyçə gölünün yaxınlığında, İrəvan-Sevan yolunun üstündə, Zəngi çayının yanında, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, illik gəlirinin 11.000 ağça təşkil etdiyi göstərilmişdir. Kəndin digər adı “Kərimkənd” olmuşdur.

Ermənilər bura 1828–1829-cu illərdə Türkiyənin Ələşkirt, İranın Maku vilayətlərindən köçürülmüşdür. 1831-ci ildə kənddə 441 azərbaycanlı, 86 erməni yşamışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 aprel 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilib “Geğamavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°33′ şm. e., 44°53′ ş. u.