Şəhriyar – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1897-ci ildə 84 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələri kənddə qırğınlar törətmişlər. 1922-ci ilə qədər burada yaşayış olmamışdır. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra burada 1922-ci ildə 44 nəfər, 1926-cı ildə 35 nəfər, 1931-ci ildə 37 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim şəxs adı əsasında əmələ gəlmişdir.