Sərdarabad

Sərdarabad – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində şəhər. İrəvan şəhərindən 43 km qərbdə, dəniz səviyyəsindən 860 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeyd olunmuşdur.

Burada ermənilərlə yanaşı, 1897-ci ildə 44 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1905–1906-cı illərdə erməni silahlı birləşmələrinin törətdikləri qırğınlar nəticəsində deportasiya olunmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim “bir vilayəti idarə edən və dövlət başçısı adından sərəncam vermək hüququna malik olan hakim” mənasında işlənən “sərdar” sözü ilə “abad” sözünün birləşməsindən əmələ gəlib “Sərdarın abad etdiyi, saldığı kənd” mənasını verir. Toponimin tərkibindəki “sərdar” və “abad” ifadəsi kəndin İrəvan xanı tərəfində inşa edildiyini göstərir. Həmin ərazi İrəvan xanlarının mülkü olmuşdur.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə şəhərin adı dəyişdirilərək “Hoktemberyan” (1917-ci il Oktyabr inqilabının şərəfinə), Ermənistan Respublikası prezidentinin 7 noyabr 1995-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Armavir” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin mərkəzidir.

Yerləşdiyi koordinatlar: 40°09′ şm. e., 44°02′ ş. u.