Reyhanlı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vedi (Ararat) yaşayış məntəqəsindən 8 km məsafədə yerləşir. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin bir adı da Sarıbaş yurdu olmuşdur. Erməni müəlliflərinin əsərlərində kəndin adı Rehanlı, Rikanlı, Reyqanlu formalarında da göstərilir.
Kənddə əvvəlcə yalnız azərbaycanlılar yaşamış, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən ermənilərin Türkiyədən köçürülüb məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. 1897-ci ildə kənddə 23 nəfər azərbaycanlı, 320 nəfər erməni yaşamışdır. Azərbaycanlılar 1919-cu ildə erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq deportasiya olunmuş, bir müddət Cənubi Azərbaycan ərazisinə sığınmışlar. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar doğma yer-yurdlarına qayıtmışlar. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. 1988-ci ildə kənddə yaşayan bir neçə azərbaycanlı ailəsi deportasiya olunmuşdur. Hazırda kənddə yanız ermənilər yaşayırlar.
Toponim “reyhanlı” türk etnonimi əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Ayqavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°51′ şm. e., 44°40′ ş. u.