Rəncbər

Rəncbər – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 20 km şimal-qərbdə, Araz çayının sahilində, dəniz səviyyəsindən 830 m hündürlükdə yerləşir. Keçmiş Zəngibasar (Masis) rayonu təşkil edilənə kimi keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunun tabeliyində olmuşdur. Kəndin bir adı da “Şor Kolanı” olmuşdur. Kənd Cəfərxan adlı bəyə mənsub olmuşdur. Buna görə də kənd həm də “Rəşbəri Cəfərxan” adlandırılmışdır. Rəsmi sənədlərdə kənd “Rəncbər” kimi qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 197 nəfər, 1886-cı ildə 230 nəfər, 1897-ci ildə 405 nəfər, 1904-cü ildə 229 nəfər, 1914-cü ildə 431 nəfər, 1916-cı ildə 300 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin yazında azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 136 nəfər, 1926-cı ildə 204 nəfər, 1931-ci ildə 389 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1939-cu ildə 1959-cu ildə 418 nəfər, 1970-ci ildə, 1979-cu ildə 1024 nəfər əhali yaşamışdır. Kənddə müsəlman kürdlər də yaşamışdır. Rəncbərlilər 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində “şoran, duzlu” mənasında işlənən “şor” ilə “kolani//kolanı” (kolanlı tayfa adının fars dilində yazılış forması) türk etnonimi əsasında formalaşmışdır.

7 noyabr 1995-ci il tarixli Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında yeni qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°01′ şm. e., 44°22′ ş. u.