Rəcəb Paşa məscidi

İrəvanın Osmanlı qoşunları tərəfindən 1724-cü ildə ələ keçirilməsindən sonra Rəcəb Paşanın əmri ilə şəhərin abadlaşdırılması üçün işlər görülməyə başlanmış, 1725-ci ildə İrəvan qalasının içərisində onun adına məscid inşa edilmişdir. Sferik günbəzə malik olan bu məscid müxtəlif şərq ornamentləri ilə bəzədilmişdir.

İrəvanın 1827-ci ildə rus qoşunları tərəfindən işğalından sonra məscid müxtəlif dəyişikliklərə məruz qalmış və rus pravoslav kilsəsinə çevrilmişdir. Onun fasadına silindr formasında sütunlar yerləşdirilmiş, dam örtüyü əlavə edilmiş və məscidin üzərindəki ay-ulduz simvolu xaç və kilsə zəngi ilə əvəz edilmişdir.

Alman tədqiqatçısı Avqust Haksthauzen 1843-cü ilin avqust ayında İrəvan şəhərində olmuş və İrəvan qalasında yerləşən Rəcəb Paşa məscidinin rus-yunan kilsəsinə çevrildiyini təsdiqləmişdir. Kilsəyə çevrilmiş bu abidə 1930-cu illərdə tamamilə dağıdılmışdır.

Mənbə:
Nazim Mustafa, İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri (Bakı, 2016)
Гакстгаузен А. Ф., Закавказский край (Санкт-Петербург, 1857, ч. I)